Azerbaijani Quran | Quran Oxu

Chapter 83 (Sura 83)
1; Çəkidə və ölçüdə aldadanların vay halına!
2; O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,
3; onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.
4; Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
5; Həm də əzəmətli bir gündə.
6; O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
7; Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
8; Sən haradan biləsən ki, Siccin nədir?!
9; O, yazılı bir kitabdır!
10; O gün haqqı yalan hesab edənlərin vay halına!
11; O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
12; Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
13; Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyir.
14; Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.
15; Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
16; Sonra onlar Cəhənnəmə girəcəklər
17; və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
18; Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
19; Sən haradan biləsən ki, İlliyyun nədir?!
20; O, elə bir yazılı kitabdır ki,
21; onu yalnız Allaha yaxın olanlar görürlər!
22; Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
23; Onlar taxtlar üstündə seyrə dalacaqlar.
24; Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.
25; Onlara möhürlü şərabdan içirdiləcəkdir.
26; Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!
27; Onun qatışığı isə təsnim bulağındandır.
28; O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.
29; Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,
30; onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
31; öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
32; möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
33; Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
34; Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
35; Onlar taxtlar üstündə ətrafa baxacaqlar.
36; Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!

Pages ( 83 of 114 ): « Previous1 ... 8182 83 8485 ... 114Next »