Azerbaijani Quran | Quran Oxu

Chapter 78 (Sura 78)
1; Onlar nə barədə bir-birindən soruşurlar?
2; Böyük bir xəbər barəsində –
3; elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.
4; Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!
5; Bir daha xeyr! Onlar hökmən biləcəklər!
6; Məgər Biz yeri yataq etmədikmi?
7; Dağları da payalar?!
8; Biz sizi cüt yaratdıq.
9; Yuxunuzu da sizin üçün rahatlıq etdik.
10; Gecəni örtük etdik,
11; gündüzü isə ruzi qazanmaq vaxtı.
12; Üstünüzdə yeddi möhkəm göy qurduq
13; və çox parlaq bir çıraq yaratdıq.
14; Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
15; onunla taxıl və digər bitkilər yetişdirək,
16; habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
17; Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
18; Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
19; O gün göyün qapıları açılacaqdır.
20; Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
21; Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.
22; O, həddi aşanların qayıdacağı yerdir.
23; Onlar orada əsrlər boyu qalacaqlar.
24; Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.
25; İçdikləri yalnız qaynar su və irin olacaq –
26; Törətdikləri əməllərinə uyğun bir cəza kimi.
27; Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
28; Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
29; Biz hər bir şeyi hesablayıb yazmışıq.
30; Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
31; Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
32; Həmçinin bağlar və üzümlüklər,
33; dolğun döşlü həmyaşıd qızlar
34; və ləbələb doldurulmuş qədəhlər də vardır!
35; Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.
36; Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
37; Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
38; Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.
39; O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
40; Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”

Pages ( 78 of 114 ): « Previous1 ... 7677 78 7980 ... 114Next »