Azerbaijani Quran | Quran Oxu

Chapter 68 (Sura 68)
1; Nun. And olsun qələmə və qələmə alınanlara!
2; Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
3; Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
4; Həqiqətən də, sən böyük əxlaq sahibisən!
5; Sən də görəcəksən, onlar da –
6; hansınızın dəli olduğunu.
7; Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
8; Elə isə haqqı yalan sayanlara güzəştə getmə.
9; Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.
10; İtaət etmə hər tez-tez and içənə, alçağa,
11; qeybət edənə, dedi-qodu yayana,
12; xeyrə mane olana, həddi aşana, günahkara,
13; daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
14; o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
15; Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər.
16; Biz onun burnuna damğa vuracağıq.
17; Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
18; və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).
19; Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
20; Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
21; Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
22; “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
23; Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
24; “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
25; Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
26; Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!
27; Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
28; Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”
29; Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
30; Onlar dönüb bir-birlərini qınamağa başladılar
31; və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
32; Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
33; Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
34; Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
35; Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
36; Sizə nə olub, necə hökm verirsiniz?
37; Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?
38; Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?
39; Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
40; Onlardan soruş ki, kim buna zamin duracaqdır?
41; Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
42; Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
43; onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
44; Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.
45; Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.
46; Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
47; Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?
48; Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
49; Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.
50; Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
51; Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər.
52; Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.

Pages ( 68 of 114 ): « Previous1 ... 6667 68 6970 ... 114Next »