Azerbaijani Quran | Quran Oxu

Chapter 75 (Sura 75)
1; And içirəm Qiyamət gününə!
2; And içirəm peşmançılıq çəkən nəfsə!
3; İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
4; Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
5; Lakin insan bundan sonra da günah etmək fikrindədir.
6; O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.
7; Gözlər bərələ qalacağı,
8; ay tutulacağı
9; və günəşlə ayın qovuşacağı zaman –
10; o gün insan deyəcəkdir: “Hara qaçaq?”
11; Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.
12; O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.
13; O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.
14; Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
15; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
16; Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
17; Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.
18; Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
19; Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
20; Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
21; Axirətdən isə uzaqlaşırsınız.
22; O gün neçə-neçə üzlər nurlanacaq
23; və öz Rəbbinə baxacaqdır.
24; O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
25; və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
26; Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
27; “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir.
28; Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,
29; və ayaq ayağa dolaşacağı zaman –
30; o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.
31; O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
32; Haqqı da yalan saydı və üz döndərdi.
33; Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
34; Vay sənin halına, vay!
35; Yenə də vay sənin halına, vay!
36; Bəlkə insan özbaşına qoyulacağını güman edir?
37; Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
38; Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
39; Ondan da bir cüt kişi və qadın yaratdı.
40; Məgər O, ölüləri diriltməyə qadir deyil?

Pages ( 75 of 114 ): « Previous1 ... 7374 75 7677 ... 114Next »