Azerbaijani Quran | Quran Oxu

Chapter 37 (Sura 37)
1; And olsun göylərdə və yerdə səf-səf duranlara,
2; imansızları qətiyyətlə qovanlara
3; və Zikri oxuyanlara!
4; Həqiqətən, sizin məbudunuz Təkdir!
5; O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
6; Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
7; və onu hər bir asi şeytandan mühafizə etdik.
8; Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
9; və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
10; Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
11; Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
12; Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
13; Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
14; Bir möcüzə gördükdə isə ona istehza edir
15; və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
16; Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
17; Ya da atalarımızmı dirildiləcəklər?”
18; De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.
19; Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.
20; Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
21; Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
22; Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
23; Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
24; Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
25; Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
26; Bəli, onlar bu gün baş əyəcəklər!
27; Onlar bir-birinə üz tutub soruşacaqlar.
28; Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
29; Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
30; Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
31; Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.
32; Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
33; Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
34; Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
35; Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir
36; və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
37; Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.
38; Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
39; Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
40; Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.
41; Məhz onlar üçün müəyyən bir ruzi vardır –
42; Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
43; Nəim bağlarında.
44; Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
45; Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
46; Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
47; O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.
48; Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.
49; Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.
50; Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
51; Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
52; O deyirdi: “Sən də inananlardansan?
53; Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
54; O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
55; O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək
56; və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
57; Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.
58; Doğrudanmı biz bir daha ölməyəcəyik –
59; ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
60; Həqiqətən, bu, böyük uğurdur.
61; Qoy çalışanlar bunun üçün çalışsınlar!
62; Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?
63; Biz onu zalımlar üçün bir sınaq etdik.
64; O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
65; Onun meyvəsi şeytanların başları kimidir.
66; Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.
67; Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
68; Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
69; Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
70; özləri də tez-tələsik onların izini tutub getdilər.
71; Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
72; Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.
73; Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
74; Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
75; Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!
76; Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
77; Təkcə onun nəslini qoruyub saxladıq.
78; Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;
79; aləmlər içərisində Nuha salam olsun!
80; Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
81; Həqiqətən, o Bizim mömin qullarımızdandır.
82; Sonra o birilərini suya qərq etdik.
83; Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
84; Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
85; Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
86; Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
87; Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
88; O, ulduzlara bir nəzər salaraq
89; “Mən xəstəyəm!” – dedi.
90; Onlar ondan üz çevirib çıxıb getdilər.
91; O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?
92; Sizə nə olub ki, danışmırsınız?”
93; Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
94; Bütpərəstlər tələsik onun yanına gəldilər.
95; O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
96; Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
97; Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
98; Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
99; O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
100; O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”
101; Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
102; O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.
103; Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
104; Biz onu çağırıb dedik: “Ey İbrahim!
105; Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
106; Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
107; Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
108; Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
109; İbrahimə salam olsun!
110; Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
111; Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
112; Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
113; Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
114; Biz Musa ilə Haruna da nemət bəxş etdik.
115; Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
116; Onlara kömək göstərdik və qalib gəldilər.
117; Hər ikisinə aydın bir Kitab verdik.
118; Hər ikisini də doğru yola yönəltdik.
119; Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.
120; Musaya və Haruna salam olsun!
121; Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
122; Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
123; Şübhəsiz ki, İlyas da elçilərdəndir.
124; Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
125; Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
126; həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”
127; Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.
128; Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
129; Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
130; İlyasinə salam olsun!
131; Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
132; Həqiqətən, o Bizim mömin qullarımızdandır.
133; Şübhəsiz ki, Lut da elçilərdəndir.
134; Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
135; Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
136; Sonra da o birilərini yerli-dibli yox etdik.
137; Siz həm səhər çağı onların yanından keçirsiniz,
138; həm də axşam çağı. Məgər anlamırsınız?
139; Yunus da, həqiqətən, elçilərdəndir.
140; Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
141; Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
142; O, qınanmağa layiq olduqda balıq onu uddu.
143; Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
144; balığın qarnında Qiyamət gününə qədər qalardı.
145; O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
146; Onun başı üstündə balqabaq tağı bitirdik.
147; Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.
148; Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
149; Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
150; Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?
151; Həqiqətən, onlar yalan uydurub deyirlər:
152; “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
153; Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?
154; Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
155; Məgər düşünüb ibrət almayacaqsınız?
156; Yoxsa sizin aydın bir dəliliniz vardır?
157; Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
158; Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
159; Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
160; Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
161; Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
162; heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;
163; ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
164; Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
165; Həqiqətən, biz səf-səf dururuq.
166; Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
167; Müşriklər deyirdilər:
168; “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
169; biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.
170; Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
171; Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
172; “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
173; Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
174; Sən bir müddət onlardan üz çevir!
175; Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
176; Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
177; Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
178; Sən bir müddət onlardan üz çevir!
179; Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
180; Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.
181; Elçilərə salam olsun!
182; Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Pages ( 37 of 114 ): « Previous1 ... 3536 37 3839 ... 114Next »