Azerbaijani Quran | Quran Oxu

Chapter 80 (Sura 80)
1; O qaşqabağını sallayıb üzünü yana çevirdi –
2; yanına bir korun gəlməsinə görə.
3; Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi
4; və yaxud nəsihət dinləyib faydalanacaqdı.
5; Nəsihətə ehtiyacı olmayana gəlincə isə –
6; sən ona diqqət yetirirsən.
7; Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.
8; Səy göstərib sənin yanına gələn,
9; Allahdan qorxan kimsəyə gəlincə,
10; ona məhəl qoymursan!
11; Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
12; Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
13; Bu Quran kəramətli səhifələrdədir,
14; yüksək və pak səhifələrdədir.
15; Bu səhifələr elçilərin əllərində –
16; möhtərəm və müti olanların əllərindədir.
17; Qoy ölsün kafir insan! O necə də nankordur!
18; Qoy baxıb görsün Allah onu nədən yaradıb?
19; Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
20; Sonra da onun yolunu asanlaşdırdı.
21; Sonra onu öldürüb qəbirə yerləşdirdi.
22; İstədiyi bir zaman onu dirildəcəkdir.
23; Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.
24; Qoy insan yediyinə diqqət yetirsin bir az!
25; Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
26; Sonra da yeri çat-çat yarıb
27; orada taxıl yetişdiririk.
28; Habelə üzüm və yonca,
29; zeytun və xurma ağacları,
30; sıx-sıx bağlar,
31; meyvələr və otlar da bitiririk.
32; Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.
33; Qulaqbatırıcı bir səs gələndə –
34; o gün insan qaçacaq öz qardaşından,
35; anasından, atasından,
36; arvadından və övladlarından!
37; O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
38; O gün neçə-neçə üzlər parlayacaq,
39; güləcək və fərəhlənəcəkdir.
40; O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,
41; onları zülmət bürüyəcəkdir.
42; Məhz onlar kafirlər, günahkarlardır!

Pages ( 80 of 114 ): « Previous1 ... 7879 80 8182 ... 114Next »