Azerbaijani Quran | Quran Oxu

Chapter 61 (Sura 61)
1; Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
2; Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?
3; Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.
4; Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
5; Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə göndərdiyi elçisiyəm!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
6; Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” – dedilər.
7; İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.
8; Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
9; Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.
10; Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?
11; Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
12; Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.
13; Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ.
14; Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!” – demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.

Pages ( 61 of 114 ): « Previous1 ... 5960 61 6263 ... 114Next »