Azerbaijani Quran | Quran Oxu

Chapter 50 (Sura 50)
1; Qaf. Şərəfli Qurana and olsun!
2; Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.
3; Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”
4; Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.
5; Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.
6; Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.
7; Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.
8; Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.
9; Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
10; Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.
11; Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.
12; Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.
13; Ad qövmü, Firon xalqı, Lut tayfası,
14; Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
15; Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.
16; İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
17; Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.
18; Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.
19; Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.
20; Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.
21; Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.
22; Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
23; Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
24; Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
25; xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
26; başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
27; Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
28; Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
29; Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
30; O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik. O isə: “Yenə varmı?” – deyəcəkdir.
31; Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.
32; Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,
33; Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.
34; Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
35; Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.
36; Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”
37; Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.
38; Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.
39; Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
40; Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!
41; Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır.
42; O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.
43; Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
44; O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
45; Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

Pages ( 50 of 114 ): « Previous1 ... 4849 50 5152 ... 114Next »