Azerbaijani Quran | Quran Oxu

Chapter 51 (Sura 51)
1; And olsun toz-torpağı ətrafa səpələyənlərə!
2; And olsun yağmur yükü daşıyanlara!
3; And olsun asanlıqla üzüb gedənlərə!
4; And olsun işləri paylaşdıranlara!
5; Sizə vəd olunanlar həqiqətdir.
6; Haqq-hesab da mütləq çəkiləcəkdir.
7; And olsun gözəl görünüşü olan səmaya!
8; Sizin sözləriniz ziddiyyətlidir.
9; Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
10; Məhv olsun yalançılar!
11; O kəslər ki, cəhalət içində olan qafillərdir.
12; Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
13; O gün onlara odda əzab veriləcəkdir.
14; Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15; Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
16; öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
17; Onlar gecələr ibadət edib az yatırdılar.
18; Sübh çağı isə bağışlanma diləyirdilər.
19; Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
20; Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
21; Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
22; Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
23; Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
24; İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
25; Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.
26; O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
27; Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.
28; O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
29; Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30; Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
31; İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
32; Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
33; onların üstünə gildən daşlar yağdıraq –
34; həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
35; Biz orada olan möminləri o kənddən çıxartdıq.
36; Amma orada bir evdən başqa müsəlman tapmadıq.
37; Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
38; Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
39; O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi.
40; Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
41; Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
42; O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
43; Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.
44; Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
45; Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
46; Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
47; Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
48; Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
49; Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
50; De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
51; Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
52; Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.
53; Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
54; Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
55; Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
56; Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
57; Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
58; Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
59; Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
60; Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!

Pages ( 51 of 114 ): « Previous1 ... 4950 51 5253 ... 114Next »