Azerbaijani Quran | Quran Oxu

Chapter 77 (Sura 77)
1; And olsun xeyirlə göndərilənlərə
2; və şiddətlə əsənlərə!
3; And olsun Allahın əmrini yaydıqca yayanlara,
4; haqqı nahaqdan ayırdıqca ayıranlara
5; və zikri çatdıranlara –
6; üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
7; Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
8; Ulduzlar sönəcəyi zaman;
9; Göy yarılacağı zaman;
10; Dağlar dağılacağı zaman;
11; Elçilərə vaxt təyin olunacağı zaman –
12; deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
13; Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
14; Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
15; Qiyaməti yalan sayanların o Gün vay halına!
16; Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
17; Sonrakıları da onlara qatacağıq.
18; Biz günah sahibləri ilə belə davranırıq.
19; Qiyaməti yalan sayanların o gün vay halına!
20; Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
21; Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
22; məlum bir vaxta kimi?
23; Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
24; Qiyaməti yalan sayanların o gün vay halına!
25; Məgər Biz yeri məskən etmədikmi –
26; dirilər və ölülərə?
27; Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
28; Qiyaməti yalan sayanların o gün vay halına!
29; Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
30; Üç qola ayrılan kölgəliyə gedin!”
31; Ora nə kölgə salır, nə də alovdan qoruyur.
32; Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
33; Onlar sanki sarı dəvələrdir.
34; Qiyaməti yalan sayanların o gün vay halına!
35; Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
36; Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
37; Qiyaməti yalan sayanların o gün vay halına!
38; Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
39; Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
40; Qiyaməti yalan sayanların o gün vay halına!
41; Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
42; və istədikləri meyvələr içində olacaqlar.
43; Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
44; Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45; Qiyaməti yalan sayanların o gün vay halına!
46; Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
47; O gün Qiyaməti yalan sayanların vay halına!
48; Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər.
49; O gün haqqı yalan sayanların vay halına!
50; Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?

Pages ( 77 of 114 ): « Previous1 ... 7576 77 7879 ... 114Next »