Azerbaijani Quran | Quran Oxu

Chapter 56 (Sura 56)
1; Vaqiə qopacağı zaman
2; onun qopduğunu heç kəs dana bilməz.
3; O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.
4; Yer şiddətlə titrədiyi zaman,
5; Dağlar parça-parça olub ovxalandığı
6; və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
7; siz üç dəstəyə ayrılacaqsınız.
8; Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
9; Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
10; Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!
11; Onlar Allaha yaxın olanlar,
12; Nəim bağlarında qalacaq kimsələrdir.
13; Onların çoxu əvvəlki nəsillərdən,
14; az bir qismi də axırıncılardandır.
15; Onlar bəzənmiş taxtlar üstündə
16; qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
17; Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;
18; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19; ondan başları ağrımaz və məst olmazlar,
20; bəyənib seçdikləri meyvələr
21; və istədikləri quş əti ilə hərlənəcəklər.
22; Onları iri qaragözlü hurilər gözləyir –
23; sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
24; Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
25; Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26; Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.
27; Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
28; Onlar tikansız sidr ağacları arasında,
29; meyvələri salxım-salxım asılmış banan ağacları altında,
30; uzanmış kölgəliklərdə,
31; daim axan sular kənarında,
32; çoxlu meyvələr,
33; tükənməz və qadağan edilməyən meyvələr içində
34; və hündür döşəklər üstündə olacaqlar.
35; Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
36; Onları bakirə qızlar edəcəyik –
37; ərlərini sevən, həmyaşıdlar.
38; Bunlar sağ tərəf sahibləri üçündür.
39; Onların çoxu əvvəlki nəsillərdən,
40; bir qismi də axırıncılardandır.
41; Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
42; Onlar qızmar yel və qaynar su içində,
43; qapqara duman kölgəsində olacaqlar.
44; Bu duman nə sərin, nə də xoşagələndir.
45; Onlar bundan əvvəl cah-calal içində idilər,
46; böyük günah işlətməkdə israr edirdilər
47; və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
48; Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
49; De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
50; bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
51; Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
52; Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
53; qarınlarınızı onunla dolduracaqsınız,
54; üstündən də qaynar su içəcəksiniz.
55; Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
56; Bu onların Haqq-hesab günündəki ziyafətidir.
57; Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
58; Axıtdığınız nütfəni gördünüzmü?
59; Onu siz yaradırsınız, yoxsa Biz?
60; Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
61; Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
62; Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
63; Əkdiyinizi gördünüzmü?
64; Onu siz bitirirsiniz, yoxsa Biz?
65; Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
66; və deyərdiniz: “Biz ziyana uğradıq.
67; Daha doğrusu nemətlərdən məhrum olduq!”
68; İçdiyiniz suyu gördünüzmü?
69; Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
70; Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
71; Yandırdığınız odu gördünüzmü?
72; Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
73; Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
74; Elə isə Ulu Rəbbinin adına təriflər de!
75; Ulduzların batdığı yerlərə and olsun!
76; Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
77; Həqiqətən, bu, ehtirama layiq Qurandır,
78; qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
79; Ona yalnız pak olanlar toxunur.
80; O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81; Siz bu kəlamı yalan sayırsınız?
82; Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
83; Can boğaza yetişdiyi zaman –
84; həmin an siz can verən adama baxırsınız.
85; Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
86; Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
87; və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
88; Amma əgər o, Allaha yaxın olanlardandırsa,
89; onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
90; Əgər o, sağ tərəf sahiblərindəndirsə,
91; ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.
92; Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
93; onun ziyafəti qaynar su olacaq,
94; özü də Cəhənnəmdə yanacaqdır.
95; Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
96; Elə isə Ulu Rəbbinin adına təriflər de!

Pages ( 56 of 114 ): « Previous1 ... 5455 56 5758 ... 114Next »